UTVXƏBƏR : Ölkədə qazlaşma səviyyəsi 96,2 faiz təşkil edir.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata əsasən, Azərbaycanın regionlarında 2020-ci il üzrə 13 700-ə yaxın fərdi yaşayış evi təbii qazla təmin edilib. Bir yaşayış məntəqəsində isə qazlaşdırma işləri davam etməkdədir.
Bakı şəhəri üzrə Xəzər, Binəqədi, Qaradağ, Sabunçu və Suraxanı rayonlarında ümumən 5 500-ə yaxın fərdi yaşayış evini əhatə etməklə 31 yeni yaşayış massivi qazlaşdırılıb. Qazlaşma işləri Xəzər rayonunun Binə, Buzovna, Şüvəlan, Şağan, Zirə və Türkan qəsəbələrində, Binəqədi rayonunun Binəqədi və Biləcəri qəsəbələrində, Qaradağ rayonunun Qobustan, Qızıldaş və Lökbatan qəsəbələrində, Sabunçu rayonunun Bilgəh, Pirşağı, Nardaran, Kürdəxanı, Maştağa, Ramana və Zabrat qəsəbələrində, Suraxanı rayonunun Hövsan və Yeni Suraxanı qəsəbələrində həyata keçirilib.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib ki, artıq ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96,2 faiz təşkil edir:
“2009-cu ildə ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 62,2 faiz olub. Amma indi 96 faizdən çoxdur. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində 2009-2020-ci illərdə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkənin müxtəlif bölgələrində 1 668 yaşayış məntəqəsi qazlaşdırılıb. Cari ildə həyata keçirilmiş qazlaşma layihələrini nəzərə almaqla 2020-ci ilin sonuna ölkədə 2 449 qazlaşdırılmış yaşayış məntəqəsi olacaq”.
Baş direktorun sözlərinə görə, Gəncə, Mingəçevir, Naftalan, Sumqayıt şəhərləri, Yevlax, Abşeron, Ağdam, Balakən, Biləsuvar, Füzuli, Beyləqan, Şirvan, Ağstafa, Hacıqabul, Qazax və Kürdəmir rayonlarında qazlaşma səviyyəsi 100 faiz təşkil edir:
“Ağsu, Bərdə, Tərtər, Goranboy, Göyçay, Şamaxı, Şəmkir, Ucar rayonlarında isə 97-99 faiz arasında dəyişən qazlaşma səviyyəsi onu göstərir ki, bu ərazilərdə qazlaşmayan cəmi bir yaşayış məntəqəsi qalıb. Lakin bu, nisbi rəqəmdir. Çünki istənilən 100 faiz qazlaşdırılan şəhər və rayonlarda hər il yeni massivlər yaranır və fərdi yaşayış evlərinin sayı artır, belə olan halda qazlaşdırılmasına ehtiyac yaranan yeni ərazilər də ortaya çıxır”.
R.Əliyev hazırda qazlaşma səviyyəsi nisbətən aşağı olan bir neçə rayonun da adını çəkib. Onun sözlərinə görə, Zaqatala, Qusar, Qax, Gədəbəy və digər bir neçə rayonumuzu misal göstərmək olar. Bu ərazilərdə qazlaşma səviyyəsi 70-80 faiz intervalında dəyişir.
Baş direktor il ərzində aparılan təmir-tikinti məsələlərinə də toxunub. O bildirib ki, 2020-ci ilin 11 ayı ərzində 1 361 kilometr yeni qaz xətti çəkilib, 554 km qaz xətti təmir edilib. Bundan əlavə 321 km qaz xəttinin təmiri regional qaz istismarı idarələrinin imkanları hesabına reallaşdırılıb:
“Bu gün “Azəriqaz” İB-nin 8 min nəfərdən çox kollektivi ölkədə 69,2 min km uzunluğunda olan müxtəlif diametrli qaz paylayıcı şəbəkəyə, 2 milyon 370 mindən çox əhali abonentinə xidmət göstərir”.
“Azəriqaz” İstehsalat Birliyi 2020-ci ildə müxtəlif əlamətdar günlərdə onlarla şəhid ailəsi, müharibə veteranı, əlil insanların müraciətlərinə dəstək olub. Ruslan Əliyev deyib ki, qaz təsərrüfatının 140 işçisi Vətən Müharibəsində iştirak edib, onlardan dördü şəhidlik zirvəsinə ucalıb.