UTVXƏBƏR : Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-nin Azərbaycan Respublikasında “Vəkil günü” peşə bayramı kimi qeyd edilməsi qərara alınıb. Bu səbəblə xalqımızın böyük qələbəsinə həsr olunmuş Vəkillər Kollegiyası üzvlərinin konfransı keçirilib.
Vəkillər Kollegiyasından verilən məlumata görə, tədbirdə respublikada fəaliyyət göstərən bütün vəkil qurumlarının rəhbər şəxsləri və fərdi vəkillər iştirak ediblər. Konfransı giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov xalqımızın böyük qələbəsi münasibətilə konfrans iştirakçılarını təbrik edib.
Anar Bağırov Kollegiya üzvlərinin də Vətən müharibəsində iştirak etdiyini vurğulayıb.
O həmçinin, Qarabağda yeni vəkil qurumlarının yaradılması ilə əlaqəli məsələni də konfrans iştirakçılarının diqqətinə çatdırıb:
“Qarşımızda Qarabağ bölgəsində yeni vəkil qurumlarının yaradılması kimi şərəfli vəzifə dayanır. Dədə-baba yurdlarına, doğma torpaqlarına qayıdan vətəndaşlarımıza keyfiyyətli hüquqi yardım göstərilməli, onların hüquqi yardıma çatımlılığı təmin edilməlidir. Vəkillik bu vəzifəni də ən qısa zamanda yerinə yetirəcək. Beləliklə, Vəkillər Kollegiyası illər boyu hüquqi yardıma çatımlılığın təmin olunmadığı ərazilərimizdə fəaliyyət göstərəcək. Artıq Qarabağ vəkil bürosu yaradılıb və o, Şuşada yerləşəcək. Biz çalışacağıq ki, həmin qurumun fəaliyyətinin təşkili üçün bütün lazımi səyləri göstərək”.
Eyni zamanda konfransda Anar Bağırov tərəfindən vəkillər kollegiyasının üzvü Elçin Usubun Vəkillər Kollegiyası Rəyasət Heyətinə, Abbas Kərimbəylinin isə Vəkillərin İntizam Komissiyasına üzvlüyü təklif edilib. Hər iki təklif yekdilliklə qəbul olunub.
Konfransın işinə Vəkil Marşının səsləndirilməsi ilə yekun vurulub.