" UTVXƏBƏR " : Son günlər sosial şəbəkələrdə sürətlə paylaşılan məlumatlardan biri də 17 yaşlı həmvətənimizin dünyanın ən məşhur universitetlərindən birinə qəbul olmasıdır. Gənc xanım qəhrəmanımız S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının məzunu Züleyxa Kişiyevadır.
Beynəlxalq SAT (1560 bal ) və IELTS ( Overall 7.5 ) imtahanlarına hazırlaşaraq, rəsmi imtahanlarda yüksək nəticələr əldə edən 17 yaşlı Z.Kişiyeva ABŞ-ın ən qədim, dünyanın ən məşhur universitetlərindən biri olan Pensilvaniya Universitetinin Wharton Biznes məktəbində tam təqaüd ilə təhsil almaq imkanı əldə edib.
Oxu.Az-ın əməkdaşı gündəmi zəbt edən Züleyxa Kişiyeva ilə həmsöhbət olub:
- İmtahanlara hazırlaşarkən ən çox nələrə diqqət edirdiniz?
- Qəbul imtahanlarına hazırlaşdığım müddətdə mənim üçün ən önəmli olan dərslərimə birmənalı fokuslanmaq olub. Sosial şəbəkələrin diqqətimi dağıtdığını gördüm və vaxtımı məhsuldar keçirmədiyim üçün bütün sosial platformalardan ayrıldım. Öyrəndim ki, eyni anda bir neçə istiqamətə fokuslananda - məsələn, dərslər və sosial media - ən asan bir iş belə saatlarla vaxt alır. Bu da enerjimizi itirib, daha az məhsuldar olmağımıza gətirib çıxarır. Fikrimcə, sosial mediadan bir müddətlik ayrılmaq təhsil həyatımda verdiyim ən yaxşı qərarlardan biri idi.