Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti siması həyatını Azərbaycanın ictimai, mədəni və maarif işlərinə sərf etmiş şəxsiyyətlərdən biri, görkəmli pedaqoq və şair Mirzə Xosrov Axundzadədir.
O, 1889-cu il iyul ayının 13-də Şuşada anadan olub.
1906-cı ildən 1913-cü ilə qədər Şuşada “Nəşr-maarif cəmiyyəti”ndə, 1913-1917-ci illərdə şəhər məktəbində müəllimlik edib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə məktəblərin milliləşdirilməsinin fəal iştirakçısı olub və anadilli təhsili öz işi ilə təbliğ edib. 1920-ci ildə Şuşada təşkil edilmiş “Nərimaniyyə” və “Haşimiyyə” məktəbləri əhalinin maariflənməsində müstəsna rol oynayıb. Xosrov Axundzadə də bu məktəblərdə çalışıb.
O, 1928-ci ildə dərs demək üçün Xocavənd rayonuna göndərilib. 1932-ci ildə yenidən Şuşaya qayıdan Xosrov Axundzadə müəllimliyini burada davam etdirməklə yanaşı, eyni zamanda savadsızlığın ləğvi hərəkatında fəal iştirak edib. Həmçinin, 1935-ci ildən başlayaraq Şuşa şəhər kütləvi kitabxanasının müdiri kimi geniş maarifləndirici iş aparıb.
Şuşa şəhər 7 illik məktəbin ibtidai sinif müəllimi Xosrov Axundzadə məktəbə ilk dəfə gəlmiş uşaqların təlimi üzərində böyük əmək sərf edib. 50 illik pedaqoji fəaliyyəti dövründə öyrədə-öyrədə özü də öyrənib.