QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1213_fatma-yildirim-turkiy-nin-az-rbaycanin-haqq-isini-

DÜNYA

Hamısı

Fatma Yıldırım: “Türkiyənin Azərbaycanın haqq işini birmənalı şəkildə dəstəkləməsi bizə ruh və güc verdi”

(4 Ay, 10 Gün öncə) 563 İzlenme 0 Yorum
Fatma Yıldırım: “Türkiyənin Azərbaycanın haqq işini birmənalı şəkildə dəstəkləməsi bizə ruh və güc verdi”

“İkinci Qarabağ müharibəsinin başladığı ilk anlardan Türkiyə Azərbaycana siyasi və mənəvi dəstəyini yüksək kürsülərdən bəyan etdi və sona qədər sözünün sahibi oldu. Vətən Müharibəsində şanlı qələbəmiz Azərbaycanla Türkiyənin əbədi qardaşlığının bir rəmzi oldu və bütün dünyaya bu birliyin gücünü göstərdi. Müharibə ərzində qardaş Türkiyənin Azərbaycanın haqq işini birmənalı şəkildə dəstəkləməsi bizə əlavə ruh və güc verdi. Məhz bu dəstəyin sayəsində müəyyən beynəlxalq dairələr işğalçı Ermənistana açıq dəstək verməkdən çəkindilər. Dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan sonra da Türkiyənin Azərbaycanın yanında daima olacağını bəyan etdi. Həqiqətən də, bundan sonrakı mərhələlərdə iki qardaş dövlətin birliyi şəraitində görüləcək işlər, həyata keçiriləcək çox layihələr var”. 

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Millət vəkili bildirib ki, həmin gün əlaqələrin daha da gücləndirilməsi istiqamətində imzalanan ikitərəfli razılaşmalar “Bir millət, iki dövlət” şüarının açıq təzahürüdür: 

“Tək şəxsiyyət vəsiqəsi ilə iki ölkə arasında səyahətlərin həyata keçirilə bilməsi, eyni zamanda, media sahəsində birgə fəaliyyətin tənzimlənməsi və işğaldan azad olunmuş torpaqlarımızın yenidən qurulmasında Türkiyə şirkətlərinin yaxından iştirakı özlüyündə dünyaya vacib mesajdır. 

Məlumdur ki, bizim mənəvi bağlılığımız hər zaman olub. 70 il Sovet İttifaqı tərkibində qalmağımızın Türkiyə ilə əlaqələrin qurulmasında məhdudiyyətlər yaratmasına baxmayaraq, xalq həmişə qəlbində bu sevgini yaşadıb. Mən xatırlayıram ki, biz gənclik dövrümüzdə, bütün məhdudiyyətlərə baxmayaraq, çətinliklə əldə etdiyimiz Türkiyə sənətçilərinin mahnılarını gizli-gizli və həsrətlə dinləyirdik. Əminəm ki, Türkiyə xalqı da bu həsrət hissi ilə yaşayırdı. O dövrdə qardaş ölkəni ziyarət etmək üçün böyük əngəllərlə rastlaşırdıq. 1988-ci ildə Türkiyəyə ailəvi ilk səfərimiz yadımdadır, o zaman bu səfər yalnız Moskvanın icazəsi ilə çoxlu yoxlamalar və çətin müsahibələrdən sonra viza əldə edərək Moskva-İstanbul reysi ilə mümkün olmuşdu. Bu gün 2020-ci ildə isə artıq müstəqil ölkənin vətəndaşı olaraq hər birimiz tək şəxsiyyət vəsiqəsilə qardaş ölkəyə səyahət edə biləcəyik. Bu, əlbəttə ki, tarixi hadisədir və onu göstərir ki, həm Türkiyə, həm də Azərbaycan müstəqil və öz qərarlarını özü verən siyasi və iqtisadi baxımdan güclü iki dövlətdir. Çox sevindirici haldır ki, bu gün iki ölkənin rəhbərliyi xalqın arzularını dövlət siyasəti səviyyəsində həyata keçirməkdədir. Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın iradəsi sayəsində ikitərəfli münasibətlərimizin belə güclü dövrünü yaşamaq mümkün olub”.

F.Yıldırım qeyd edib ki, eyni zamanda mövcud reallıqlar Azərbaycan və Türkiyə diasporunun sıx birliyini də zəruri edir. Son hadisələr onu göstərir ki, iki qardaş ölkənin bu səviyyədə yaxınlaşmasını istəməyən ölkələrin sayı günbəgün artmaqdadır:

“Eyni zamanda, biz bilirik ki, dünyada güclü erməni lobbisi var. Onlar Ermənistanın döyüş meydanındakı əzici məğlubiyyətini həzm edə bilmirlər və 44 günlük müharibədə müzəffər ordumuzun qələbəsi erməni lobbisinin şüurunda şok effekti yaradıb. Vətən Müharibəsinin gedişində də onların əməllərinin, ölkəmizə qarşı xaricdə mənfi rəy formalaşdırmaq cəhdlərinin şahidi olduq. Hesab edirəm ki, müharibə bitsə də, mübarizə hələ bitməyib. Ermənilər bu gün də Azərbaycana və Türkiyəyə qarşı güclü əks-təbliğat aparırlar. Bu baxımdan, düşünürəm ki, Azərbaycan və Türkiyə diaspor təşkilatları dünyada fəaliyyətlərini koordinasiya etməli, birləşərək bu mövzuda bir platformadan çıxış etməlidirlər”.

Deputatın sözlərinə görə, Fransa və Niderland parlamentlərində Azərbaycan və Türkiyəyə qarşı sənədlərin qəbul olunması erməni diasporunun fəallığının nəticəsidir: 

“Necə ki, erməni lobbisi orda fəaldır, biz də gücümüzü birləşdirməli, onlarla ciddi şəkildə mübarizə aparmalıyıq. Əgər biz deyiriksə, Türkiyə ilə bir millət, iki dövlətik, bu halda diasporumuz da bir olmalıdır. Bir millətin iki diasporu ola bilməz! Biz dünya meydanlarını erməni lobbisinin yalançı təbliğatlarına təslim etməməliyik, onların çirkin əməlləri ilə mübarizə aparmalıyıq. Lazım gəldikdə bu ölkələrin QHT-ləri ilə sıx münasibətlər quraraq seminarlar, dəyirmi masalar təşkil etməliyik.

Doğrudur, ötən illər ərzində bu istiqamətdə müəyyən işlər görülüb, amma Avropada islamafobiyanın, anti-türk meyillərinin artdığı bir şəraitdə biz də Azərbaycan və Türkiyə diasporu olaraq daha da güclənməliyik. Qeyd edim ki, 2003-cü ildən başlayaraq Avropada yaşadığım illərdə mən də diaspor fəaliyyəti ilə məşğul olmuşam, Belçika Krallığında fəaliyyət göstərmiş “Avropa Azərbaycanlılar Mərkəzi”nə rəhbərlik etmişəm. Avropanın paytaxtı sayılan Brüsseldə bu çərçivədə Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının Avropa ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlər həyata keçirirdik.

Təcrübəmə əsasən diyə bilərəm ki, həmin tədbirlərə Türkiyə diaspor təşkilatlarını da dəvət edərək səsimiz daha uca və lazımi yerlərə çıxmasına nail olurduq, xarici mətbuatda bu tədbirlərin əks-sədası görünürdü. Biz Türkiyə diasporuna müraciət edəndə, onları tədbirlərimizə iştiraka dəvət edəndə, hər zaman səmimi dəstək görürdük, bəyanatlarımızı birgə imzalayırdıq, erməni lobbisi ilə birgə vuruşurduq. Bu, bir həqiqətdir ki, vətən-torpaq mövzusu olanda xaricdə fəaliyyət göstərən bütün türk cəmiyyətləri dəstək nümayiş etdirirdilər. Bu gün daha da güclü olduğumuz bir vaxtda diaspor birliyimizi də gücləndirməliyik. Bu birlik erməni faşizminin, erməni terrorizminin dünya ictimaiyyətinə çatdırılması işinə daha böyük töhfələr verə bilər”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    2 Ay, 14 Gün öncə
BIST
13451,13
ALTIN
479,7790,48
EURO
10,03240,89
DOLAR
8,32550,55
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı